İKİQAT AVROPA ÇEMPİONU OLAN MİLLİMİZ BAKIDA TƏNTƏNƏ İLƏ QARŞILANIB (FOTOLAR)

Minifutbol üzrə Avropa çempionu olan Azərbaycan milli komandası vətənə qayıdıb. Komandanın üzvləri Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanında təntənəli şəkildə qarşılanıblar.

Qarşılanma mərasimində federasiya rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, azarkeşlər və media təmsilçiləri iştirak ediblər. Hava limanında milli komandanın şərəfinə xüsusi qarşılanma təşkil olunub, çempion futbolçular alqışlarla qarşılanıblar.

Qeyd edək ki, Azərbaycan millisi minifutbol üzrə Avropa çempionatının final görüşündə Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə qitə çempionu adına sahib çıxıb. Bu uğur Azərbaycan idmanı və minifutbolu üçün növbəti mühüm nailiyyət kimi dəyərləndirilir. Milli komandanın üzvləri və federasiya rəsmiləri qarşılanma zamanı qazandıqları uğurun bütün Azərbaycan xalqına məxsus olduğunu bildirərək, onlara göstərilən diqqət və dəstəyə görə təşəkkür ediblər.

Taleh Nəsibov (Azərbaycan Minifutbol Federasiyasının İcraçı vitse-prezidenti):

“Gözlənildiyi kimi, çempionatdakı oyunlarımız kifayət qədər çətin keçdi. Qrup mərhələsini birinci pillədə başa vurduğumuz üçün sonrakı mərhələlərdə güclü rəqiblərlə qarşılaşdıq. Buna baxmayaraq, futbolçularımız yarışa yüksək səviyyədə hazırlaşmışdılar. Təlim-məşq toplanışları və fiziki hazırlıq prosesi istədiyimiz səviyyədə idi. Slovakiyada yaşayan və Avropanın müxtəlif şəhərlərindən gələrək bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. Onların dəstəyi futbolçular üçün böyük motivasiya mənbəyi oldu. Komandamız hər oyuna yalnız qələbə məqsədilə çıxırdı. Nəticədə ikiqat Avropa və birqat dünya çempionu kimi vətənə qayıtdıq. Dövlətimizin başçısı tərəfindən komandamız üçün 1 milyon manat məbləğində mükafatın ayrılması bizi qürurlandırdı. Prezident hər bir uğurumuzdan sonra bizi qəbul edir, öz dəstəyini əsirgəmir. Bu diqqət və qayğı futbolçular üçün hər zaman böyük motivasiya rolunu oynayır”.

Elşad Quliyev (Milli komandanın baş məşqçisi):

“Çox çətin oyun keçirdik, amma buna baxmayaraq qalib gəldik. Artıq ikinci dəfədir ki, Avropa çempionu olmuşuq. İstəmirəm ki, bundan sonra tempimizi aşağı salaq. Komanda gərgin təlim-məşq toplantılarından sonra yorulsa da, ruh yüksəkliyi və əzmlə qələbəni əldə etdik. Bundan sonrakı oyunlara da məsuliyyətlə yanaşacağıq”.

Vüsal İsayev (Milli komandanın üzvü):

“Avropa çempionatına çox ciddi hazırlaşmışdıq. Bütün rəqiblər bizi yaxşı analiz etmişdilər, buna görə də müəyyən çətinliklərlə üzləşdik, ancaq növbəti oyunlara daha yaxşı hazırlaşdıq. Zirvəyə qalxmaq çətindir, onu qoruyub saxlamaq isə daha çətindir. Bu qələbəni Azərbaycan xalqına həsr edirik”.

Ramiz Çovdarov: (Milli komandanın üzvü):

“Çox xoşbəxtik. Şükürlər olsun ki, ikinci dəfə Avropa çempionu olduq. İstər Slovakiyada tribunadan bizi dəstəkləyən, istərsə də uzaqdan ürəyi bizimlə döyünən azarkeşlərimiz bu yolda bizə ən böyük gücü verdilər. Onların dəstəyi sayəsində uğura nail olduq. Bu qələbəni xalqımıza, bizi sevən hər kəsə həsr edirik”.

Previous post AZƏRBAYCAN-UKRAYNA 2-0 (VİDEOİCMAL)