“BİRBAŞA BAKI” NÖVBƏTİ DƏFƏ AZƏRBAYCAN ÇEMPİONU OLDU (FOTOLAR)

Minifutbol üzrə Azərbaycan çempionatının qalibi bəlli olub. Final matçında “Birbaşa Bakı” və “Zirə” komandaları qarşılaşıb. Maraqlı və bərabər səviyyəli keçən mübarizədə “Birbaşa Bakı” qalib gəlib. Oyunun ikinci hissəsində əvvəlcə Eşqin Tağıyev hesabı açıb. Daha sonra Təmkin Xəlilzadə vurduğu gözəl qolla oyunun nəticəsini müəyyənləşdirib. Beləliklə əzəli rəqibi olan “Zirə”yə 2-0 hesabı ilə qalib gələn “Birbaşa Bakı” növbəti dəfə Azərbaycan çempionu olub. Bu matçdan öncə isə 3-cü yer uğrunda görüş keçirilib. “Galaxy” və AZNUR komandalarının oyununda əsas vaxtda qapılara qol vurulmayıb. Penaltilər seriyasında isə daha dəqiq olan AZNUR kollektivi 3-1 hesabı ilə üstün olaraq Azərbaycan çempionatının bürünc medallarını qazanıb. Turnirin ən yaxşı qapıçısı “Zirə”nin qolkiperi Ağaseyid Qasımov seçilib. Bu futbolçunu Azərbaycan Minifutbol Federasiyasının vitse-prezidenti Taleh Nəsibov mükafatlandırıb. Turnirin ən məhsuldar oyunçusu “Göyçə”nin üzvü Tural Adıgözəlova mükafatı “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov təqdim edib. Çempionatın ən yaxşı oyunçusu “Birbaşa Bakı”nın üzvü Elvin Əlizadə olub. Ona mükafatı Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov tərəfindən verilib. Çempionatda 3-cü yeri tutan AZNUR komandasına medalları AFFA-nın baş katibi Cahangir Fərəcullayev və icraçı vitse-prezidenti Sərxan Hacıyev təqdim edib. Həlledici oyunda məğlub olaraq ikinci olan “Zirə”yə gümüş medallar Gənclər və İdman naziri Fərid Qayıbov və Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov tərəfindən verilib. Nəhayət, Azərbaycan çempionu olan “Birbaşa Bakı” komandasına medalları ölkəmizdə səfərdə olan Dünya Minifutbol Federasiyasının prezidenti Filip Çuda və Avropa Minifutbol Federasiyasının prezidenti Peter Klarik tərəfindən verilib. Sonda çempionluq kubokunu Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov qalib komandaya təqdim edib.

Previous post BAKIDA DÜNYA ÇEMPİONATININ PÜŞKATMA MƏRASİMİ KEÇİRİLƏCƏK
Next post FİNAL: “ZİRƏ” – “BİRBAŞA BAKI” (İCMAL)